//
you're reading...
Energy Diplomacy, My Interviews

Azərbaycanın Enerji Təhlükəsizliyi: Problemlər və Perspektivlər (Müsahibə)


Bakı Dövlət Universitetinin Professoru, Bəxtiyar Aslanbəyli ilə Müsahibə

1.      Azərbaycanın geo-siyasi mövqeyinin onun enerji siyasətinə təsirini necə izah edə bilərsiniz?

Azərbaycanın enerji resusları ilə zəngin olması, bu resurslara böyük ehtiyac duyulan Avropa ölkələrinin coğrafi yaxınlığında yerləşməsi, habelə bu resursların Avropa bazarlarına ixracı imkanları Azərbaycanın geosiyasi vəziyyətinin əhəmiyyətliliyini daha da artırır. Geosiyasi əhəmiyyətimizi artıran digər bir faktor da, ölkənin Mərkəzi Asiya ilə Avropa arasında bir növ körpü rolunu oynamaq imkanına malik olmasıdır. Avropa bazarına enerji resurslarının ixracatçısı olmaqla yanaşı, Azərbaycanın Türkmənistan təbii qazının və Qazaxıstan neftinin Avropa və dünya bazarına çıxarılmasında əhəmiyyətli mövqeyə malik olması ölkənin regional və beynəlxalq səviyyədə geosiyasi əhəmiyyətini şərtləndirən amillərdir.

2.      Enerji super gücü olarak isimləndirilən Rusiya və onun enerji siyasəti Azərbaycanın regionda və regiondan kənarda gələcək enerji siyasəti üçün nümunə ola bilərmi?

Rusiyanın enerji siyasətini mən Azərbaycan üçün nümunə adlandırmazdım. Çünki, əvvala Rusiya və Azərbaycanın enerji potensialı fərqlidir və onların enerji potensialını müqayisə etmək düzgün olmazdı. Rusiya təsdiq olunmuş neft və təbii gaz ehtiyyatlarına görə dünyada aparıcı dövlətlərdəndir. Təbii qaz ehtiyyatlarına görə isə Rusiya dünyada birinci yerdədir – dünyanın təsdiq edilmiş təbii qaz ehtiyatlarının təxminən 24%-i Rusiyanın payına düşür. Azərbaycanda isə dünyanın təsdiq edilmiş neft ehtiyatlarının 0,5%-i, təsdiq edilmiş təbii qaz ehtiyatlarının isə 0,7%-i mövcuddur. Buna görə də, Azərbaycan və Rusiyanı sirf enerji resursları potensialına görə müqayisə etmək düzgün olmazdı.

Digər tərəfədən Rusiya və Azərbaycanın həm xarici siyasət prioritetləri, həm də enerji siyasətlərinin məqsədləri fərqlidir. Eyni zamanda enerji potensialını xarici siyasət dividentlərinə çevirmə strategiyamız da fərqlidir. Rusiyanın bu istiqamətdəki fəaliyyətinin Azərbaycan üçün nümunə ola biləcəyini düşünmürəm.

Bununla belə, iki ölkə arasında enerji sahəsində əmədakşlıq labüddür. Əsas ixrac istiqamətimiz Avropa bazarları olsa da, həm ixracın diversifikasiyası barədə düşünməli, həm də Rusiya faktorunu nəzərə almalıyıq. Məsələn, ARDNŞ və Qazprom arasında 2009-cu ildə Azərbaycan qazının alqı-satqısı üzrə müqavilə imzalanıb və bu müqavilə üzrə 2010-cu il ərzində Rusiyaya 0,8 milyard m3 təbii qaz ixrac olunub.   Həmim müqaviləyə 2010-cu ildə edilmiş əlavəyə əsasən isə 2011-ci il ərzində şimal qonşumuza 1,5 milyard m3 təbii qaz ixrac etmişik.  Nəhayət, 2012-ci ilin yanvarinda tərəflər arasında imzalanmış yeni əlavəyə görə isə Rusyaya illik təbii qaz ixracını 3 milyard m3 həcminə çatdıraq nəzərdə tutulub.

3.      Azərbaycan enerji resurslarını Dağlıq-Qarabağ probleminin həllində siyasi bir vasitə kimi istifadə edə bilərmi?

Bu mürəkkəb məsələdir və bununla bağlı müxtəlif yanaşmalar var.  İlk baxışda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində enerji faktorundan istifadə üçün geniş imkanların olması təəssüratı yarana bilər. Ancaq praktiki olaraq, bu münaqişənin həlli üçün enerji faktorundan istifadə imkanları elə də geniş deyil.  Münaqişənin həllinin yalnız məlum fövqəldövlətlərin “iştirakı” ilə mümkünlüyünü inkar etmək çox çətindir.  Bu zaman həmin dövlətlərdən birinin, yəni Rusiyanın, münaqişənin həllində ümumiyyətlə maraqlı olmamasını da nəzərə almaq lazımdır.  Azərbaycanın enerji resurslarına çıxış əldə etmək bu dövlətlərin enerji və iqtisadi maraqları çərçivəsindədir.  Bu enerji və iqtisadi maraqları həmin dövlətlərin münaqişənin həllində maraqlı ola biləcək səviyyədə siyasi maraqlarına çevrilməsi isə çox mürəkkəbdir.

4.      Azərbaycanın bugünkü enerji xəritəsini necə təsvir edə bilərsiniz?

Enerji xəritəsi məsələsinə 2 aspektdən yanaşmaq olar. Birincisi, enerji resurslarının paylanması xəritəsi, ikincisi isə Azərbaycanın enerji resurslarının dünya bazarına çıxarılması üçün ixrac marşrutları xəritəsi. Bu artıq Azərbaycanın coğrafi məkanından sırf kənara gedir. Birinici istiqamət əsasən iqtisadi və coğrafi aspektləri əks etdirir. İkinci yanaşma sırf siyasi istiqamətlidir və buna ixracın coğrafiyası, ixracın xəritəsi demək mümkündür.

5.      Mənim fikrimcə, regionda həyata keçirilməsi planlanan bəzi Qərb dəstəkli enerji layihələri (NABUCCO, ITGI və TAP) əslində Cənubi Qafqazda və Xəzər Ətrafında qlobal aktyorların aktiv cəlb olunması üçün ilkin addım xarakteri daşıyır. Bununla bağlı nə fikirləşirsiniz?

Sadaladığınız layihələrin hamısı Avropanın təbii qaz təchizatının Rusiyadan asılılığını azaltmaq məqsədi daşıyır. Təbii ki, bu asılılığı tamamilə aradan qaldırmaq mümkün deyil. Bir az əvvəl də qeyd etdiyim ki, Rusiya enerji resursları ilə zəngin ölkədir və Avropanın təbii qaz istehlakı və idxalındakı payı kifayət qədər yüksəkdir. NABUCCO, İTGİ və TAP kimi layihələrin reallaşdırılacağı təqdirdə Xəzər hövzəsinin təbii qaz ehtiyatlarını Avropaya nəql etməklə bu asılılığı nisbətən azaltmaq nəzərdə tutulur.

Layihələrin həyata keçirilməsinə gəldikdə isə artıq NABUCCOnun ilkin formatda reallaşması mümkün deyil. İlkin formatda NABUCCO Cənubi Qafqaz Boru Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) davamı olaraq nəzərdə tutulurdu. Bu boru kəmərinin bəlli marşrut üzrə Türkiyə və Avropa ərazisi ilə inşa edilərək Avstriyanın Baumqarten şəhərinə qədər çatdırlıması planlaşdırılırdı.  Lakin Azərbaycan və Türkiyə arasında 2011-cu ilin 25 oktyabrında imzalanmış müqavilələrdən və 26 dekabrında imzalanmış  Trans Anadolu Boru Kəməri (TANAB) ilə bağlı konsorsiumun yaradılmasına dair anlaşma memorandumundan sonra, NABUCCOnun əvvəlki marşrut üzrə inşasını şübhə altına qoydu.  Çünki, TANAB-ın reallaşdırılacağı təqdirdə artıq təbii gazın Türkiyənin qərb sərhəddinə qədər nəqlini mümkün edən yeni bir infrastruktur olacaq.

Digər vacib məsələ isə, Türkiyənin qərb sərhəddindən sonra (TANAB-ın davamı olaraq) təbii qazin nəqlinin hansı istiqamətdə davam etdirilməsidir. NABUCCOnun ilkin formatda deyil, Türkiyə sərhəddindən sonra reallaşması (Yeni Nabucco və ya Mini Nabucco) planı hələ də aktualdır. İTGİ və TAP layihələri də hələlik gündəmdədir.  Qeyd etmək lazımdır ki, ənənəvi 3 layihədən əlavə Xəzərin təbii qaz ehtiyatlarınını Avropaya nəqli üçün artıq daha bir istiqmət də aktiv şəkildə müzakirə olunmaqdadır – Cənub Şərqi Avropa istiqaməti. Bu istiqamətdə həm BP-nin təklif etdiyi Cənub Şərqi Avropa Boru Kəməri, həm də ARDNŞ-in potensial olaraq Bulgargas şirkəti ilə birgə müəssisə qurmaqla Bolgarıstanın mövcud boru kəməri şəbəkəsini qonşu dövlətlərdəki şəbəkələrlə əlaqələndirən birləşdirici (interconnector) boru kəmərləri vasitəsilə təbii qazın bir sıra Şərqi Avropa ölkələrinə nəqli layihələri diqqət mərkəzindədir.

6.      Bildiyimiz kimi bu yaxınlarda Azərbaycan və Türkiyə hökumətləri Trans-Anadolu Qaz kəmərinin inşaası üçün Anlaşma Memorandumu imzalayıblar. Bu layihənin digər Avropa dəstəkli layihələrdən fərqi və perspektivi nədir?

Azərbaycan qazının Türkiyəyə satışı və Türkiyə üzərindən tranziti məsələləri ilə bağlı yaranmış nisbi gərginlik 7 iyun 2010-cu il tarixində imzalanmış Azərbaycanla Türkiyə paket qaz anlaşma memorandumunun imzalanması ilə aradan qalxdı. Ötən ilin oktyabrında imzalanmış sənədlər paketi isə iki ölkə arasında enerji sahəsindəki əməkdaşlığı yeni keyfiyyət müstəvisinə çıxarmış oldu. TANAB ilə bağlı konsorsiumun yaradılmasına dair anlaşma memorandumunun imzalanması bu enerji əməkdaşlığını daha da canlandırdı. Konsorsiumun təsisçiləri kimi ilkin mərhələdə SOCAR (80%), BOTAŞ (10%) və TPAO (10%) çıxış edir. Gələcəkdə Şahdəniz layihəsində iştirak edən digər şirkətlərin də konsorsiuma cəlb olunması nəzərdə tutulub.

2012-2017-ci illərdə inşası nəzərdə tutulan TANAB-ın reallaşması Xəzər hövzəsinin təbii qaz ehtiyatlarının Avropaya daşınması məsələsində irəliyə doğru atılmış çox ciddi bir addım olacaq. Ətrafında uzun müddət müzakirə və mübahisələrin aparılmasına baxmayaraq NABUCCOnun reallaşması üçün layihənin maliyyələşməsi, onun siyasi aspektləri, NABUCCO konsorsiumu üzvlərinin müəyyən mənada qətiyyətsizliyi, Avropa Komissiyasının dəstəyinin yetərli olmaması kimi bir sıra maneələr mövcud idi. TANAB-ın reallaşması isə sadaladığım maneələrdən asılı olmayacaq. Nəticədə Avropa Birliyinin dəstəklədiyi və reallaşmasına can atdığı Cənub Qaz Koridorunun əhəmiyyətli hissəsi AB-nin demək olar ki heç bir resursundan istifadə etmədən gerçəkləşəcək.

Digər tərəfdən, əgər Azərbaycan NABUCCO layihəsi üçün təbii qazın təchizatçısı kimi çıxış edəcəkdisə, TANAB-in reallaşağı təqdirdə həm ixracatçı, həm də boru kəmərinin sahiblərindən biri kimi çıxış edəcək.

7.      Haqqında danışıqlar gedən digər bir cari məsələ isə Cənubi Qaz Dəhlizinin ilkin mərhələsini təşkil edən Trans-Xəzər boru xəttinin reallaşdırılmasıdır. Amma, bu layihə Rusyanın istəksiz davranışlarından dolayı bir az qeyri-real görsənir.

Türkmənistan təbii qazının Cənub Qaz Koridoru vasitəsilə Avropaya çatdırılması üçün Trans Xəzər kəmərinin inşası həyati əhəmiyyətə malikdir. Bu kəmər reallaşacağı təqdirdə Türkmənistanın enerji sektorunu Bakıdan Avropanın müxtəlif nöqtələrinə qədər uzanacaq boru kəməri şəbəkəsinə birləşdirən cox vacib bir infrastruktura çevriləcək. Eyni zamanda, Trans Xəzər kəmərinin reallaşması həm Azərbaycan, həm də Avropadakı istehlakçı dövlətlər üçün də vacibdir.

Hazırda Şahdəniz yatağından illik hasilat təxminən 7 milyard m3-dir. Şahdənizin Mərhələ-2 layihəsi çərçivəsində illik əlavə 16 milyard m3 təbii qaz hasil ediləcək ki, bunun 6 milyard m3-i Türkiyəyə satılacaq, qalan 10 milyard m3-nin isə Türkiyə üzərindən Avropaya ixrac olunması nəzərdə tutulub. Bu həcmlərin mövcud Cənubi Qafqaz Boru Kəməri vasitəsilə  ötürülməsi üçün boru kəməriinn ötürmə qabiliyyətinin artırılması istiqamətində müəyyən işlər görülməlidir. Trans Xəzər layihəsinin və Türkmənistan qazının Azərbaycan üzərindən Avropya tranziti reallaşacağı halda, Azərbaycan ərazisindəki mövcud boru kəmərinin sadəcə  ötürmə qabiliyyətinin artırılması yetərli olmaya bilər. Bu zaman artıq daha bir boru kəmərinin inşası zərurəti meydana çıxa bilər.

Təbii ki, bu layihənin də reallaşmasına Rusiyanın bəlli etirazları var. Məsələn, əgər Xəzər dənizinin hüquqi statusu məsələsində sahilyanı dövlətlərin mövqeyini 3 (Rusiya, Qazaxıstan və Azərbaycan) + 2 (İran və Türkmənistan) düsturu ilə xarakterizı etmək mümkündürsə, Trans-Xəzər kəməri məsələsinə münasibətdə bu düstur 2+2+1 şəklindədir. Azərbaycan və Türkmənistan (2) dəstəkləyir, Rusiya və İran (2) etiraz edir, Qazaxıstan (1) isə neytral mövqe tutmağa çalışır. Prinsip etibarilə Azərbaycan və Türkmənistan siyasi iradə nümayiş etdirəcəyi təqdirdə, Rusiyanın etiraz imkanları o qədər də geniş olmayacaq. Düzdür, bu məsələyə bir qədər həssas yanaşılır, ancaq onu da qeyd edim ki, Avropada həm Rusiya təbii qazı üçün, həm də Xəzər hövzəsindən idxal ediləcək təbii qaz üçün kifayət qədər istehlak bazarı var və Xəzər hövzəsindən Avropaya gedəcək təbii qaz Rusiya üçün ciddi rəqabət yaratmayacaq.

Təbii ki, Rusiya Türkmənistan qazının Avropaya Azərbaycan üzərindən deyil, Rusiya üzərindən daşınmasına üstünlük verərdi. Hətta, yaxın keçmişdəki kimi, təbii qazı Türkmınistandan alıb Avropaya satmaq Rusiya üçün daha da cəlbedici görünə bilər. Lakin, dövrün reallıqları bir qədər fərqlidir. Artıq Türkmənistsan da diversifikasiya imkanlarını ciddi şəkildə nəzərdən keçirir və reallaşdırır. Türkmənistandan Rusiyadan əlavə, Çinə və İrana da yüksək ötürmə qabiliyyətinə malik boru xətləri mövcuddur. Boru kəmərləri şəbəkəsinin bir qolunun da Avropaya qədər uzanması Türkmənistanın da marağındadır.

Mən Trans-Xəzər boru kəmərinin reallaşması perspektivlərinə optimist yanaşıram. Həm də unutmaq lazım deyil ki, Türkmənistan təbii qazının Xəzərin qərb sahillərinə çatdırılması üçün LNG (Liquified  Natural Gas) və CNG (Compressed Natural Gas) kimi digər texnoloji imkanlar da mövcuddur.

8.      Azərbaycanın öz hidrokarbon ehtiyyatlarını xarici bazarala ixrac etmək üçün Avropa dəstəkli layihələrdən başqa hansı alternativləri ola bilər? Məsələn, Asiya, Uzaq Şərq və ya Fars Körfəzi?

Nefti və təbii qaz resurslarını ayrı-ayrılıqda nəzərdən keçirsək, prinsip etibarilə neftin ixracı üçün Azərbaycanın kifayət qədər ixrac marşrutu (Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorosiysk boru kəmərləri, Bakı-Batumi dəmir yolu) mövcuddur. Bu baxımdan neft ehtiyatların ixrac marşrutu üçün ciddi bir problem yoxdur.

Təbii qaz ehtiyatlarına gəldikdə isə, Azərbaycan üçün ən uyğun təbii ixrac bazarları Avropa və Rusiyadır.  Hazırda Azərbaycanın 4 istiqamətdə ixrac imkanları var – Rusiya, Gürcüstan, İran və Türkiyə. İrana və Gürcüstana gedən həcmlər o qədər də ciddi həcmlər deyil.  Rusiyaya isə ixrac olunan təbii qaz həcmləri getdikcə artır. Təbii ki, hazırda əsas ixrac bazarımız Türkiyədir. 2010-cu il ərzində Türkiyəyə 4,9 milyard m3, 2011-ci il ərzində isə 4,5 milyard m3 təbii qaz ixrac olunub. Asiya bazarlarına çımaq üçün isə bizim həm yeni bir Trans-Xəzərə ehtiyacımız olacaq, həm də ümumiyyətlə bu istoqamət bizim üçün maraqlı deyil.

Azərbaycanın təbii qaz ehtiyatlarının ixracının diversifikasiyası baxımından Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu ilə yanaşı diqqət yetirilməli istiqamət Azərbaycan-Gürcstan-Qara Dəniz marşrutudur. Türkiyə ərazisindən keçən boru kəməri ilə ixracın hər hansı səbəbdən (təbii fəlakət, texniki qəza, terror hücumu və s.) məhdudlaşdırıldığı hallarda, təbii qazın Avropa bazarına çatdırılması üçün alternativ istiqamətin olması vacibdir. Bu baxımdan, istər AGRI, istərsə də Ağ Axın layihələri ixracın diversifikasiyası imkanlarını daha təminatlı edə bilər.

9.      BTC, BTƏ, Bakı-Supsa və Bakı-Novorossiski Azərbaycanın Sovetlərin dağılmasından sonra enerji tarixində ən uğurlu layihələr olmuşdular. Amma, ətrafında güclü və intensiv danışıqlar getməsinə baxmayaraq Avropa dəstəkli layihələr hələ də kağız üzərində qalmaqdadır. Səbəb?

Əvvəla onu qeyd edim ki, hazırkı Bakı-Supsa və Bakı-Novorosiysk ixrac marşrutları mövcud boru kəmərlərinin bərpası və təkmilləşdirilməsi nəticəsində fəaliyyət göstərir. BTC və BTƏ kəmərləri isə yeni tikilmiş boru kəmərləridir. Bu layihələrin reallaşması isə həmin dövrün geosiyasi reallıqları, layihələrin ABŞ tərəfindən aktiv şəkildə dəstəklənməsi və ölkə rəhbərliyiin aktiv mövqeyi nəticəsində mümkün oldu.

Hazırkı dövrdə yeni layihələrin irəli sürülməsində və reallaşmaslnda ABŞ-in dəstəyinin yetərli səviyyədə olmaması, AB-nin mövcud imkanlardan kifayət qədər yararlanmaması, habelə geosiaysi reallıqların dəyişməsi yeni layihələrin həyata keçirilməsini yubadır. Əsas problemlərdən biri də, Avropa Birliyinin enerji siyasətinin bir sıra məqamları ilə bağlı vahid yanaşmasının olmamasıdır. Avropa Birliyinin dəstəklədiyi Cənub Qaz Koridoruna müəyyən mənada rəqabət yarada biləcək Cənub Axını layihəsi bir qrup Avropa dövləti tərəfindən dəstəklənir. Ötən ilin sonlarında boru kəmərinin Qara dənizin Türkiyəyə aid hissəsindən keşməsinə razılıq alındı. Yeri gəlmişkən, Cənub Axınının reallaşacağı təqdirdə bu boru kəməri ilə nəql ediləcək qazın hansı mənbələrdən əldə olunacağı hələ də aydın deyil.

Zənnimcə, AB enerji təchizatınıln diversifikasiyası məsələsində daha ciddi siyasi iradə ortaya qoymalıdır. İstər mövcud layihələrin lobbiləşdirilməsində, istər maliyyələşdirilməsində, istərsə də boru kəməri marşrutların seçilməsində ixracatçı ölkələrə siyasi dəstəyin verilməsində daha aktiv olmalıdır.

10.  Neft və təbii qaz bərpa oluna bilən enerji resursları olmadığından Azərbaycan uzun müddət sözü gedən enerji layihələrini təbii resursları ilə təmin edə bilməyəcəkdir. Tezliklə bu resurslar da tükənəcəkdir. Bu halda Azərbaycanın geo-siyasi talehi necə olacaqdır?

Mən sizin suala eyni zamanda “iqtisadi aqibət” ifadəsini də əlavə edərdim. Tranzit statusumuzu nəzərə alsaq, enerji siyasəti baxımından əhəmiyyətimiz uzun müddət qalacaq, yəni öz enerji resurslarımız bitsə belə Mərkəzi Asiyanın enerji resursları üçün tranzit ölkə rolunu oynaya biləcəyik. 30-40 ildən sonra ölkənin geosiyasi və iqtisadi aqibətinin necə olması məsələsi, bizim bu müddət ərzində enerji siyasətimizi necə aparmağımızdan, enerji potensialını siyasi dividentlərə çevirmək istiqamətindəki fəaliyyətimizin nə dərəcədə uğurlu olmasından, enerji sektorundan əldə olunacaq mənfəətin hansı formada idarə olunmasından, investisiya siyasətindən, qeyri-neft sektorumuzun hansı formada inkişaf etdirməyimizdən asılı olacaq.

Qeyd: Müsahibənin ingilis dilində olan nüsxəsi İngiltərənin Diplomatik İnsight Jurnalında nəşr olunub. Aşağıdakı linkdən əldə edə bilərsiniz. (Səh. 24-25.)

http://thediplomaticinsight.com/wp-content/uploads/2012/03/englishmarch2012.swf

Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Contact me at:

Visitors

free counters

Blog Hit Counter

  • 32,444

StatCounter

wordpress stats

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Join 64 other followers

%d bloggers like this: